Ermənistanda seçkilər vətəndaş müharibəsi ilə nəticələnə bilər

Ermənistanda seçkilər vətəndaş müharibəsi ilə nəticələnə bilər
15 İyun 2021
Mətni dəyiş
Ermənistanda siyasi gərginlik getdikcə artır. Növbədənkənar parlament seçkisi iyunun 20-nə təyin olunsa da, seçkiqabağı gərginlik səngimək bilmir. Ermənistan Konstitusiyasına görə, parlament seçkilərində qalib gələn siyasi qüvvə hökuməti formalaşdırır və Baş nazir postuna namizədini təklif edir. 44 günlük savaşdan sonra keçirilməsi seçkilərin önəmini daha da artırır. Məğlubiyyətə uğrayan Ermənistanda daxili düşmən axtarışına start verilib və tərəflər arasında amansız mübarizə gedir. Mübaliğəsiz demək olar ki, bu, Ermənistanın tarixində əhalinin iki əks düşərgəyə bölündüyü mərhələdir: biri irəliyə baxır və şimal qonşusunun əlaltısı olmaq istəməyərək Qərb dəyərlərinə istiqamətlənir, digəri isə təhlükəsizlik müqabilində Rusiyanın vassallığını qəbul etməyə razıdır. Cəmiyyətin daha bir hissəsi var ki, Ermənistanda gələcək görmür və mühacirət etməyi planlaşdırır. Odur ki, müxtəlif qiymətləndirmələrə görə, seçicilərin ən azı 20 faizi seçkilərdə iştirak etməyi planlaşdırmır. Seçkilərdə 23 partiya, 4 siyasi blok iştirak edir. Əsas mübarizə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eks-prezident Serj Sarkisyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, biznesmen Qaqik Saruskyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, habelə Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası və eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu “Erməni Milli Konqresi” partiyası arasında gedəcək. Bugünkü sorğulara görə, həmin siyasi qüvvələr 35 faizə yaxın səs toplayırlar və hamısı parlamentə keçir. Lakin səslərin 50 faizini almayan heç bir siyasi qüvvə müstəqil şəkildə hökuməti formalaşdıra və baş nazir təyin edə bilməyəcək. Bu, iki aparıcı qüvvənin iştirak edəcəyi ikinci turu qaçılmaz edir. Və burada Rusiyapərəst qüvvələr çox güman ki, birləşəcəklər, kiçik partiyaların tərəfdarları və elektoratın hələ müəyyən olunmayan bir hissəsi də onlara qoşula bilər. Seçki yaxınlaşdıqca, təbliğat-təşviqat kampaniyaları fonunda emosional mühit də gərginləşir. Ermənistanda ictimai rəy birmənalı deyil, tərəflərin bir-birini çirkaba batırması, kompromat savaşı olduqca əsəbi mühit formalaşdırıb. Tərəflər bir-birini siyasi baxımdan məhv etmək üçün hər vasitədən istifadə edir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ona ünvanlanmış tənqidlərə cavab verməkdə çətinlik çəkir. Artıq o, siyasətçini, ölkə rəhbərini aciz vəziyyətdə göstərən “2020-ci ildəki müharibədə Allah bizdən üz döndərmişdi” kimi ifadələrə sığınmağa başlayıb. Bundan başqa, üzləşdiyi çətin durumdan çıxış yolları axtaran Paşinyan növbəti dəfə özünü biabır edən açıqlama ilə çıxış edib. Əslində, bu qalmaqallı təklif onunla eyni dərəcədə reallıq hissini itirmiş sabiq prezident Serj Sarkisyandan gəlib. Sarkisyan guya Paşinyanı pis vəziyyətdə qoymaq üçün təklif edib ki, Azərbaycandakı “hərbi əsirlərdən” 25-nin azad edilməsi qarşılığında Baş nazir oğlunu Bakıya göndərsin. N. Paşinyan da gülməli təkliflə razılaşıb, oğlunu Bakıya göndərməyə hazır olduğunu bildirib. Paşinyanın bu addımı isə rəqibləri tərəfindən seçici rəğbəti qazanmağa yönəlmiş növbəti populist addım kimi qiymətləndirilir. Ermənistanın sabiq prezidenti və Paşinyanın seçkilərdə əsas rəqiblərindən Robert Köçəryan onun bu təklifini primitiv debilizm və ucuz populizm adlandırıb. R. Köçəryan bildirib ki, orta əsrlərə xas belə çağırışlarla irəliləyişə nail olmaq imkansızdır. O, əslində, bu sözləri ilə təklifin müəllifi olan S. Sarkisyanın da bostanına daş atmış olub. Köçəryanla Paşinyan arasında söz savaşı isə son günlər artıq məişət səviyyəsinə enib. Onlar artıq bir-birinə “Sən kişi deyilsən” kimi küçə jarqonu ilə müraciət edirlər. Bundan başqa, R. Köçəryan N. Paşinyanı məmnuniyyətlə duelə çağırmağa hazır olduğunu bildirib. Köçəryan isə onu bu sözlərinə görə terrorçularla müqayisə edib. Paşinyanın R. Köçəryan haqqında səsləndirdiyi başqa arqumentlər də R. Köçəryanı özündən çıxarıb. N. Paşinyan bildirib ki, məhz R, Köçəryanın prezidentliyi dövründə Dağlıq Qarabağ separatçıları danışıqlar prosesindən kənarlaşdırılıb, buna görə, o, cavab verməlidir. Deyilənlərə tutarlı cavab tapa bilməyən R. Köçəryanın sözləri isə L. Ter-Petrosyanla onun arasında illərdir davam edən gərginliyi daha da artırıb. R. Köçəryan bildirib ki, 1997-ci ildə və 1998-ci ilin aprelinə - o, prezident seçilənə qədər də gedən danışıqlarda Dağlıq Qarabağ separatçıları iştirak etməyib, bununla məsuliyyəti həmin vaxt Ermənistan prezidenti olan L. Ter-Petrosyanın üzərinə atıb. L. Ter-Petrosyan isə R. Köçəryanın dediklərinin əsassız olduğunu bildirib, onun manipulyasiya ilə məşğul olduğunu söyləyib. Bu sırada Paşinyanın gizli səs yazısının yayılması da vəziyyəti gərginləşdirib. Səs yazısında Paşinyan Qarabağla bağlı Putin, Nazarbayev və Lukaşenko ilə danışıqlarından bəhs edir. Səs yazısında ciddi fakt olmasa da, rəqiblərinin ölkəyə rəhbərlik edən şəxsin danışıqlarını yayması rəsmi İrəvanın səriştəsiz idarəçiliyindən xəbər verir, müxalifətin iqtidarın bütün addımları ilə bağlı məlumata malik olduğunu göstərir. Şübhə yoxdur ki, Paşinyanın da əlində Sarkisyan və ya Köçəryana aid kompromatlar mövcuddur. Qeyd edək ki, Paşinyanın səs yazısının yayılması məsələsi onun S. Sarkisyan haqqında səsləndirdiyi ittihamdan sonra baş verib. S. Sarkisyanın “Mən Paşinyanın yerinə olsaydım, müharibədə məğlubiyyətdən sonra özümü güllələyərdim” sözlərinə cavab verən N. Paşinyan onu orduya ayrılan pulları Monte-Karloda kazinoda uduzduğuna və xərclədiyinə görə özünü güllələməyə çağırmışdı. Məhz bunun ardınca S. Sarkisyan dediklərini təsdiqləməyəcəyi halda Paşinyanın səs yazısını yayacağını demişdi. Seçkiqabağı ittihamlar təkcə Paşinyanla Köçəryan-Sarkisyan cütlüyü arasında getmir. Paşinyanın hakimiyyətinin ilk illərində Milli Təhlükəsizlik Xidmətinin direktoru olmuş, hazırda “Mənim şərəfim var” blokuna rəhbərlik edən Artur Vanetsyan da keçmiş rəhbərinə qarşı kifayət qədər ağır ittihamlar səsləndirir. A. Vanetsyan bildirib ki, Paşinyan onu Rusiyanın agenti adlandırıb, buna görə onunla işləmək istəməyib. Paşinyanın Rusiyaya qarşı olması, ümumiyyətlə, rəqiblərinin onun əleyhinə istifadə etdiyi əsas arqumentlərdəndir. Onlar N. Paşinyanın Rusiyaya, Putinə qarşı siyasət yürütdüyünü, Moskvanın Ermənistanda təsirinin və nüfuzunun azaldılması üçün addımlar atdığını tez-tez vurğulayır, bununla Rusiyanın adamı olduqlarını göstərmək, Paşinyanın hakimiyyətdən getməsi üçün Moskvanın prosesə əl uzatmasını istəyirlər.               Son olaraq, Azərbaycanla Ermənistan arasında 15 əsir təxribatçının minalanmış ərazilərin xəritələrilə mübadiləsi prosesində ABŞ, Avropa institutları və Gürcüstanın fəal iştirakının əksinə olaraq, Rusiyanın iştirak etməməsinin də seçkilərdə və ondan sonra Paşinyana baha başa gələcəyini deməyə əsas verir.  Bu, Ermənistan hökumətinin qərarı idi. Çox güman ki, bu addım Ermənistanda Paşinyan komandası ilə Rusiyapərəst qüvvələr arasında gedən hakimiyyət uğrunda mübarizənin təzahürüdür. Çətin ki bu, Rusiyanın xoşuna gəlsin və heç bir şübhə yoxdur ki, o, bunu Paşinyan hökumətinin yadına sala bilər. Moskvanın açıq şəkildə lobbiçilik etdiyi Köçəryanın mümkün qələbəsi ilk növbədə Qərbin rolunun və nüfuzunun azalacağını vəd edir. Ermənistanda çoxları bununla iqtisadi çiçəklənməyə ümid bağlayır. Lakin Rusiya protektoratı ötən 30 ildə Ermənistana iqtisadi fayda verməyib. Təhlükəsizlik və Azərbaycanla Türkiyədən müdafiə amili Köçəryan tərəfdarlarının Paşinyan hökumətini ittiham etdikləri ən güclü kozırlardır. Onların qələbə qazanacağı təqdirdə ermənilər Türkiyə ilə, hətta Azərbaycanla barışığı unuda bilər. Rusiyapərəst qüvvələrin qələbəsi Moskvanı baş verənləri "qiymətləndirməyə" məcbur edəcək. Bu da Moskvanın Qarabağa dair mövqeyinə təsir göstərəcək. Bakıya qarşı müəyyən sərtləşmə gözləmək olar. Lakin İkinci Qarabağ Müharibəsinin nəticəsinə əsasən ümumi geosiyasi düzülüş və Rusiyanın uzunmüddətli maraqları həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsini tələb edir. Odur ki, Rusiyanın maraqları naminə Ermənistanda revanşist qüvvələrin sponsorluğu yox, sabitlik saxlanılacaq. Eyni zamanda, əgər Bakı özünü "düzgün aparmasa”, yəni, Qərblə yaxınlaşmağa və ya Moskvanın regiondakı maraqlarına məhəl qoymamağa çalışsa, Moskva bu qüvvələrdən istifadə etməyə cəhd edəcək. İndiki vəziyyətdə Azərbaycanın marağı ondan ibarətdir ki, Paşinyanın komandası hakimiyyəti qoruyub saxlasın, amma ona görə yox ki, onu Moskvada sevmirlər. Paşinyan və onun komandası etiraf edir ki, Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalamaq, delimitasiya aparmaq lazımdır və revanşı avantüra hesab edirlər. Köçəryanın mövqeyi tam əksinədir və o, revanşın qeyri-real olduğunu etiraf edir, eyni zamanda əlavə edir ki, bu, "indiki mərhələdə" müvəqqətidir. Onun tərəfdarları açıq şəkildə bəyan edirlər ki, Köçəryan Qarabağın müstəqilliyinin tanınmasına, Hadrut və Şuşanın ermənilərə qaytarılmasına nail olmağı qarşıya məqsəd qoyur. Bu populist şüarlar erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsində anlayışla qarşılanır və ictimaiyyət əmindir ki, müharibədə məğlubiyyətin səbəbi məhz Paşinyanın yanlış siyasətidir. Hazırkı vəziyyət müəyyən dərəcədə Paşinyanı ermənilərin bütün bəlalarının günahkarına çevirmiş xarici ritorika və təbliğatın nəticəsidir. Bununla yanaşı, erməni cəmiyyətinin miatsum ideyası ikinci plana keçib. Məhz Paşinyan ölkənin gələcəyi üçün zərərli olan bu ideyadan imtina etmək üçün addımlar atıb. Paşinyanpərəst qüvvələrin siyasi arenadan kənarlaşdırılması Azərbaycana nə dərəcədə sərfəlidir? Axı Ermənistanda hakimiyyət dəyişikliyi nəinki buna zəmanət verir, hətta Azərbaycanla barışıq haqda düşünən hər kəsin təqib olunması və təzyiqlərə məruz qalması üçün geniş kampaniyaya start verəcək. Siyasi texnologiyanın qanunları bu və ya digər qüvvələrə "dəstək" göstərməyə imkan verir. Bu, əsirlərin azad edilməsi, sülhsevər ritorika və birinin mövqeyini möhkəmləndirən, digərinin mövqeyini zəiflədən digər addımlar da ola bilər. Bu gün siyasi mübarizədə kompromatdan fəal istifadə olunur. Şübhə yoxdur ki, Azərbaycanda Sarkinyan barəsində də, Köçəryan barəsində də yetərincə kompromat var, həm də onların təkcə Qarabağda yox, eyni zamanda Ermənistanda çalışdıqları dövrdə. Əsas kompromat onların münaqişəni 7 rayonun verilməsi hesabına həll etməyə hazır olmasıdır. İndi onlar Paşinyanı məhz bunda günahlandırırlar. Bakının diplomatik baqajında işə salına biləcək məlumatların kifayət qədər olduğu istisna edilmir. Sarkisyan və Köçəryan Ermənistan ərazisilə neft kəmərinin çəkilməsi, Mehrinin verilməsi, Azərbaycanın tərkibində Qarabağa geniş muxtariyyət verilməsi variantları, nizamlanmanın mərhələli həllinə razılığın müqabilində Yerevana milyardlarla dollarlıq investisiya verilməsi ehtimalını həmsədrlərin vasitəsilə müzakirə edərkən Sarkisyan və Köçəryanın Azərbaycan hakimiyyəti ilə birbaşa şəxsi əlaqələri olub. Qarşılıqlı ittihamların və kompromatların siyahısını genişləndirmək də olar. Lakin görünən budur ki, Ermənistanda seçkiqabağı mühit gündən-günə gərginləşir. Son günlər Paşinyan və Köçəryan tərəfdarları arasında toqquşmaların baş verməsi də belə deməyə əsas verir ki, söz savaşı küçələrə, meydanlara keçə bilər. Bu baxımdan Ermənistanda seçkilərin vətəndaş müharibəsi ilə də nəticələnə biləcəyi də istisna edilmir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun