AZƏRTAC-ın və AzTV-nin əməkdaşları minaya düşüb həlak oldular

AZƏRTAC-ın və AzTV-nin əməkdaşları minaya düşüb həlak oldular
4 İyun 2021
Mətni dəyiş
Azərbaycanda jurnalistlər minaya düşüb. AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib.  Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov bildirib: "AzTV-nin operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Yaralananlar var", -R.Məmmədov bildirib. Baş verən bədbəxt hadisə zamanı Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini isə yaralanıblar. ANAMA-dan bildirilib ki, araşdırma aparılır. Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Dövlət İnformasiya Agentliyi (“Azərtac”) və Azərbaycan Televiziyası (AzTV) birgə məlumat yayıb. Məlumatda bildirilir ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir. İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var. Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq da jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir. Belə ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir”. Hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun