COVID-19 pasportunu necə əldə etmək olar? - hər kəsi düşündürən suallara cavab

COVID-19 pasportunu necə əldə etmək olar? - hər kəsi düşündürən suallara cavab
28 May 2021
Mətni dəyiş

Operativ Qərargahın son brifinqindən sonra Azərbaycanda COVID pasportları və immunitet sertifikatı ətrafında ciddi müzakirələr gedir. Söhbətlərdən anlaşılır ki, insanların əksəriyyəti bu pasport və sertifikat haqda tam da məlumatlı deyillər. 

Abzasmedia mövzu ətrafında yaranmış ümumi suallara cavab tapmağa çalışıb.

COVID pasport

COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə son 6 ayda xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

Sertifikatları necə əldə etmək olar?

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilmişdir. Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir. “Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur. Əgər vətəndaş vaksin olunubsa “COVID-19 vaksin sertifikatı”, xəstəliyə yoluxub sağalıbsa “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir. Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, sertifikatların doğruluğunu sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılmaq da mümkündür. Vətəndaşlar sözügedən sertifikatları “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

Qan analizi

Virusu simptomsuz keçirən, sonradan qan analizi ilə yoluxub sağaldığını bilən insanlar da immunitet pasportu ala biləcəklər. Qan analizinin rəsmi verilməsi qayfasına görə, şəxslər sahə üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Həkimin dəyərləndirməsindən sonra qan testinə ehtiyacı varsa müəssisə vətəndaşı test vermək üçün yönləndirir.

700 mindən çox müraciət

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı elektron xidmətin fəaliyyətinə dair açıqlama yayıb. Məlumata görə, COVID-19 pasportunu almaq üçün son bir gündə 700 mindən çox sorğu göndərilib.

“COVID-19-a qarşı peyvəndin əks göstəriş olduğu (allergiya, qıcolma), yoluxub sağalmış, amma koronavirus testindən keçməyən, COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olmayan şəxslərlə bağlı növbəti mərhələlərdə qərar veriləcək”. Bildirilib ki, COVID-19 pasportuna sahib şəxslər pasportu olmayanlarla müqayisədə üstünlüyə malik olacaq və bir çox imtiyazlardan istifadə edəcəklər: “Peyvəndin əks göstəriş olduğu şəxslərin yoluxub sağalmış, vaksinasiyadan keçmiş şəxslərə nisbətdə yoluxma riski daha çox baş verdiyindən onlar özlərini daha çox qorumalı və maskadan mütləq şəkildə istifadə etməlidirlər. Amma hazırda bununla bağlı konkret qərar və qaydalar müəyyənləşməyib”, - TƏBİB-dəki bir mənbə bildirib. Sertifikatları olmayan şəxslər hələlik güzəştlərdən yararlana bilməyəcəklər Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib ki, COVİD pasportu olmayan, yəni ya vaksinasiya olmayan, ya da yoluxub sağalmayan insanlar hələlik idman sağlamlıq mərkəzlərinin xidmətlərindən istifadə edə bilməyəcək: “İlkin COVİD pasportun tətbiqi yalnız idman-sağlamlıq mərkəzlərində tətbiq olunacaq. Amma gələcəkdə COVİD pasportu olan şəxslərin digər xidmətlərə də çıxışına icazə veriləcək. Burada söhbət konsertlərdən, teatrlardan, kinoteatrlardan və nəhayət, toylar və digər şənliklərdən gedir. Bu barədə və onun müddətləri barədə əlavə məlumat veriləcək”. Ş. Mövsümov bildirib ki, yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə – söhbət idman sağlamlıq mərkəzlərindən gedir – onların işçilərinin vaksinasiya və yaxud immunitet sertifikatının olması tələbi nəzərdə tutulur: “Bu tələb iyulun 1-dən tətbiq olunacaq. İyulun 1-dən o obyektlərdə ki, 80 faiz işçinin vaksinasiya və ya immunitet sertifikatı yoxdur, həmin obyektlərə xəbərdarlıq ediləcək və hətta bağlana da bilər. Söhbət həm də dediyimiz kimi, gələcəkdə konsert, teatr, kinoteatr və şənlik salonlarından da gedir. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edirik".

Pasportlar beynəlxalq səviyyədə də tanınacaqmı?

Avropa İttifaqının zirvə görüşündə 27 üzv ölkənin rəhbərləri ölkələrarası səyahətləri sadələşdirəcək koronavirusdan peyvəndləmə sertifikatlarının mümkün qədər tez tətbiqinə tərəfdar çıxıblar. Aİ Şurası rəqəmli yaşıl sertifikatlarla bağlı Avropa Parlamenti ilə (1 iyul tarixindən tətbiqi nəzərdə tutulan) razılaşmanı alqışlayır və tez müddətdə həyata keçirilməsinə çağırır. Ancaq Azərbaycan və Avropa İttifaqına daxil olmayan digər ölkələrdə bu məsələ necə tənzimlənəcək bilinmir. Bununla bağlı Azərbaycanın rəsmi qurumlarından da məlumat almaq mümkün olmadı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun