ÇİN: Amerikanın döyüş gəmisi Cənubi Çin dənizinə girib

ÇİN: Amerikanın döyüş gəmisi Cənubi Çin dənizinə girib
20 May 2021
Mətni dəyiş

Amerikanın döyüş gəmisi icazəsiz olaraq Cənubi Çin dənizinə girib. Bu barədə Reuters Çinin rəsmi qurumlarına istinadən məlumat yayıb. 

Məlumatda deyilir ki, Amerikaya aid "USS Curtis Wilbur" adlı döyüş gəmisi Cənubi Çin dənizinə icazəsiz girdikdən sonra, Çinə aid döyüş gəmiləri və döyüş qırıcıları gəmini izləməyə alıb.

Çin ABŞ-ın bu addımını qınayıb və ölkənin suverenliyinə təhdid olaraq dəyərləndirib. Açıqlamada qeyd olunub ki, bu, həm də regional sülhə və sabitliyə zərər verir.

Bu günlərdə Cənubi Çin dənizi ətrafında başqa gərginlik də olub. Filippin prezidenti Rodriqo Duterte nazirlərinin Çinlə söz savaşına girməsindən sonra kabinet üzvlərinə Cənubi Çin dənizi haqda danışmağı qadağan etdiyini bildirib.

Duterte deyib ki, əgər Çinlə danışmalı mövzumuz olsa, öz aramızda danışacağıq. Prezidentin açıqlaması zamanı müdafiə naziri Delfin Lorenzananın da yanında olması marağa səbəb olub.

Delfin Lorenzana bundan əvvəl Çinin gəmilərini Cənubi Çin dənizinə hücum məqsədi ilə göndərdiyini bildirmişdi.

Filippinə aid gəmilərin Cənubi Çin dənizində Çin gəmiləri tərəfindən bloklanması tərəflər arasında gərginliyə səbəb olub. Filippin Xarici İşlər Nazirliyi bloklanmadan sonra açıqlama yayaraq məsələyə çox sərt reaksiya verib.

Cənubi Çin dənizinə iddialar irəli sürən Çin bir müddətdir ki, buradakı adaları hərbiləşdirməyə çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun