Azərbaycan 14 erməni hərbçini azad edib? - Prezident açıqladı

Azərbaycan 14 erməni hərbçini azad edib? - Prezident açıqladı
21 May 2021
Mətni dəyiş
"Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk". AZƏRTAC-ın xəbərinə görə, bunu mayın 20-də Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr zamanı deyib. O əlavə edib ki, bu, xoş məramın daha bir göstəricisidir: "Biz Rusiyanın "Qazprom" şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər. Bəs, Ermənistan hökuməti öz xalqını bu barədə məlumatlandırdımı? Xeyr. Hətta bu yaxınlarda bizim könüllü şəkildə azad etdiyimiz həmin saxlanılan 14 hərbçiyə görə onlar təşəkkür belə etmədilər. Onlar hər kəsə təşəkkür etdi. Rusiyalı sülhməramlılara təşəkkür etdi. ABŞ administrasiyasına təşəkkür etdi. Amma bizə, həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər". Halbuki, Azərbaycanın rəsmi qurumları bu yaxınlarda 14 hərbçinin azad edilməsi ilə bağlı hər hansı açıqlama verməyib. Rəsmi qurumların açıqlamasına görə, ötən il noyabrın 10-da üçtərəfli razılığın əldə edilməsindən bir ay sonra dörd Azərbaycan hərbçisinin ölümünə və bir mülki şəxsin yaralanmasına səbəb olan 60-dan çox Ermənistan hərbçisini saxlayıblar. Ermənistan onları hərbi əsir sayır və buraxılmasını tələb edir. Azərbaycan isə onların döyüşlərin dayanmasından və razılaşmadan sonra saxlandığını bildirərək hərbi əsir saymır. Bu günlər Avropa Birliyinin komissarı Helena Dalli yanvarın 29-da beş, mayın 4-də isə üç erməni əsirin buraxılmasını alqışladıqlarını bəyan etmişdi. 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun