Sabah Altıtərəfli Cənubi Qafqaz sülh platformasının ilk görüşü keçiriləcək, Gürcüstan görüşə qatılmır

Sabah Altıtərəfli Cənubi Qafqaz sülh platformasının ilk görüşü keçiriləcək, Gürcüstan görüşə qatılmır
9 Dekabr 2021
Mətni dəyiş
Dekabrın 10-da Moskvada Altıtərəfli Cənubi Qafqaz sülh platformasının ilk görüşü keçiriləcək. “Reuters” Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb. Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakıyla sülh platforması ideyasını Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Receb Tayyib Ərdoğanla birlikdə ötən il Qarabağ müharibəsindən sonra təklif edib. Ermənistanla diplomatik münasibətləri olmayan Ankara bu platformanın Yerevanla əlaqələri normallaşdıra biləcəyini deyib. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə tədbirdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar. Gürcüstanın iştirakı haqda isə məlumat verilməyib. Ermənistanla Türkiyə 2009-cu ildə əlaqələrin bərpası və birgə sərhədin açılması üzrə saziş imzalasa da, sənəd ratifikasiya olunmayıb, əlaqələr gərgin olaraq qalıb. Ankara bildirib ki, Ermənistan müsbət addımlar atarsa, buna qarşılıq verəcək və Yerevanı sülh platformasına qoşulmağa dəvət edib. Müharibə bitəndən sonra Rusiya və Türkiyə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi yaradıblar. Gürcüstan isə Moskva görüşünə qatılmayacağını bildirib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyi AzadlıqRadiosu-nun Gürcüstan xidmətinə bildirib. “Xarici İşlər Nazirliyi dəfələrlə 3+3 formatında regional əməkdaşlıq təşəbbüsünə dair aydın mövqe bildirib... Bu formatda danışıqlarda iştirakı nəzərdən keçirmirik və Gürcüstan dekabrın 10-na planlaşdırılan görüşə qatılmayacaq”, – qurumdan deyilib. Gürcüstanın Xarici işlər naziri David Zalkaliani oktyabrın 7-də bildirib ki, ölkə böyük geosiyasi layihələrdə “hansısa formada” təmsil olunacaq, “şübhəsiz ki, dövlət maraqları, yaxud işğalçıya hansısa güzəştlər hesabına deyil”. Zalkaliani daha öncə demişdi ki, ölkə ərazisinin 20%-ni işğal etmiş Rusiya ilə birgə hansısa formatdan söhbət gedə bilməz. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Gürcüstanın “3+3” formatına qoşulacağına ümidvar olduğunu deyirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun