Saleh Rüstəmli ilə bağlı çağırışlara Avropa Parlamentinin deputatı İzabel Santos da qoşulub

Saleh Rüstəmli ilə bağlı çağırışlara Avropa Parlamentinin deputatı İzabel Santos da qoşulub
29 Noyabr 2021
Mətni dəyiş

Gədəbəyin keçmiş icra başçısı, Qarabağ qazisi Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı çağırışlara İzabel Santos da qoşulub. 

O, rəsmi tvitter hesabından Norveç Helsinki Komitəsinin (NHK) Saleh Rüstəmli ilə bağlı çağırışını paylaşaraq, "FreeSalehRustamov" yazıb.

Norveç Helsinki Komitəsi (NHK) noyabrın 16-da Azərbaycan hakimiyyətini uzun müddətdir aclıq edən fəal Saleh Rüstəmovu həbsdən azad etməyə çağırıb.

"Saleh Rüstəmov, Azərbaycanın görkəmli siyasi məhbuslarından biri bir həftədən çoxdur həbsxanada azad edilməsi tələbi ilə aclıq edir.

Rüstəmov 2019-cu ildə siyasiləşdirilmiş ədalətsiz məhkəmə prosesi nəticəsində uydurma qanunsuz sahibkarlıq və narkotik cinayətləri ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan hökuməti bu ittihamlardan çox vaxt hökuməti tənqid edən fəalların qanunsuz həbsi üçün istifadə edir”, - deyə sənəddə bildirilir.

NHK hüquq müdafiə qruplarının və fəalların Azərbaycan hökumətinə Rüstəmovu dərhal və qeyd-şərtsiz azad etmək çağırışlarına qoşulur.

"Hökumət Rüstəmovun ədalətsiz və əsassız həbsini davam etdirməməli, onun həbsdə yavaş-yavaş ölməyini müşahidə etməməlidir", - deyə NHK-nin bəyanatında vurğulanıb.

Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.

Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.

Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.

Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.

Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə 24 gündür aclıq aksiyası edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun