"Ədaləti bərpa etməyə çalışmalıyıq"

"Ədaləti bərpa etməyə çalışmalıyıq"
8 Avqust 2016
Mətni dəyiş
Ölkə ictimaiyyəti tərəfindən tanınan, düşüncələrini, təəssüratlarını mütəmadi olaraq sosial şəbəkələrdə insanlarla paylaşan, müstəqil fikirli azsaylı həkimlərdən olan Vasif İsmayıl müsahibəsini təqdim edirik. Müsahibədə bir-birindən maraqlı fikirlər, baxışlar var. 
"Fikrini ifadə etməyən insan ola bilməz"
 - Vasif doktor, siz deyəsən Azərbaycanda yeganə həkimsiniz ki, sosial şəbəkədən aktiv istifadə edirsiniz. İctimai-siyasi vəziyyəti yaxından izləyirsiniz, vətəndaş mövqeyi göstərirsiniz. Düzünü deyim ki, təəccüblüdür. Nə yaxşı belə ?
 - Doğrusu, burda təəccüblü bir şey yoxdur. Ola bilər belə görünsün ki, Azərbaycanda həkimlər sanki sosial şəbəkədən çox fəal istifadə etmirlər, amma ictimai həyatda həkimlərin rolu çox böyükdür, kifayət qədər də fəaldırlar. Bir çox həkim dostlar sosial şəbəkədə öz fikirlərini bildirirlər. Ola bilər mənim fikirlərim bir az daha aydın, bəlkə biraz daha yadda qalan, biraz daha başa düşülən olur. Yəqin ki, burda iş başa düşülməkdədir, çünki mənim digərlərindən fərqim nədir? Biraz deyəsən mən nəyisə başa salanda, başqalarına nisbətən daha asan başa düşülür. Yəqin buna görə belə düşünürsünüz. Azərbaycanda həkimlər sosial şəbəkədə kifayət qədər fəaldırlar. Niyə nə yaxşı belə? Çünki məhz elə belə də olmalıdır. Yəni biz də əgər bu cəmiyyətin vətəndaşıyıqsa, bu cəmiyyətdən bir şey istəyiriksə, özümüzü buranın bir parçası hiss ediriksə, onda sözümüzü deməliyik. Ümumiyyətlə bilirsiniz, insanın əsas həyat fəaliyyətlərindən biri yeməkdir, içməkdir, çoxalmaq instinktidir. Bir də fikrini ifadə etmək instinkti var. Mən bunu da insanın təbii haqqı olaraq görürəm. Yəni, fikrini ifadə etməyən insan ola bilməz. Bu bizim yemək, içmək, yatmaq qədər əsas funksiyalarımızdan biridir və mən də onlardan birini edirəm. Yəni burda qeyri-adi heç nə görmürəm.
Azərbaycanda həkimlər kifayət qədər fikir bildirən təbəqədir
 - Deyirlər həkim də müəllimlər kimi cəmiyyətin aydın, ziyalı təbəqəsidir. Onlar da ictimai-siyasi mövqe baxımından ölkənin qabaqcıl kəsimi olmalıdırlar. Ancaq bizdə vəziyyət bir o qədər ürək açan deyil. Nə düşünürsünüz bu haqda?
 - Bəli, həkimlər həqiqətən də cəmiyyətin aydın, ziyalı nümayəndələrindən biridirlər. Onu da söyləyim ki, ən fəal nümayəndələrindən birisidir. Həqitətən də həkimlər qabaqcıl kəsim olmalıdırlar. Bu tarixən də belə olub. Bunun altında yatan müxtəlif səbəblər var. Mən düşünürəm ki, həkimlər biraz cəmiyyətdə sənətkar mövqeyindədirlər. Yəni, onlar peşə sahibləridirlər, müəyyən mənada biraz maddi cəhətdən ələ baxmaqdan azad olurlar, ona görə də onlar öz fikirlərini daha rahat bir şəkildə ifadə edə bilirlər. Yəni fikirlərini satmaq üçün yox, sırf ifadə etmək üçün. Məsələn, Abbas Səhhət, Mixail Bulqakov. Bulkaqovun neçə əsərini saya bilərsiniz? Özü həkim olub, amma çox rahat yazıb. Bəli, həkimlər belə bir qəribə mövqe tuturlar. Həqiqətən cəmiyyətin ziyalı təbəqəsidirlər. Bunlar bir peşə sahibi kimi müəyyən bir elmə yiyələniblər və bu elmi metodikanı icra edirlər. Sözsüz ki, peşə və elmi metodikanı bir yerə toplayanda, hələ xüsusilə biologiya və digər bu qəbildən elmlərdirsə, ortaya çox güclü bir qarışıq çıxmalıdır. Bu cür elmlərə, bu cür peşəyə sahib olan insanlar mütləq qabaqcıl olmalıdırlar. Həqiqətən də biz işimiz və yiyələndiyimiz elmdən dolayı cəmiyyətdə daha fərqli söz deməyə qadir peşə sahibiyik. Və həqiqətən də söyləyirik. Azərbaycan cəmiyyətində həkimlər kifayət qədər fikir bildirən təbəqədir. Elə neçə nəfər millət vəkilimiz var. İndi siz deyə bilərsiniz ki, biz başa düşürük onlar necə millət vəkilidilər. Ancaq bunlar söhbətin başqa tərəfdir. Yəni onu demək istəyirəm ki, həkimlər həqiqətən ziyalı təbəqədir və ictimai-siyasi mövqe baxımından mütləq qabaqcıl olmalıdırlar.
Bizim cəmiyyətimiz hal-hazırda həqiqətən xəstədir
 - Bir həkim kimi cəmiyyətimizi necə qiymətləndirirsiniz? Fiziki sağlamlıq baxımından vəziyyətimiz necədir?
 - Cəmiyyətimiz əslində fiziki sağlamlıq baxımından ortadadır deyərdim. Amma mən biraz daha optimistəm bu məsələdə. Əlbəttə, bizdə də digər cəmiyyətlərdə rastlanan xəstəliklər var. Bizim ən çox insan itirdiyimiz səbəblər əsas onkoloji və ürək-damar xəstəlikləridir. Ürək-damar sistemi xəstəliklərindən biz daha çox xəstələnirik və daha çox itiririk. Onkoloji xəstəliklərə görə, biz digər xalqlarla müqayisədə biraz daha az tutuluruq, belə bir statistika yoxdur əlbəttə, sadəcə mən öz müşahidəmdən çıxış edirəm. Ancaq onkoloji xəstəliklərdən daha çox insan itiririk. Yəni belə deyim, əgər bu gün yüz avropalı prostat xərçənginə tutulsa bunlardan təqribən 30 nəfərin həyatını xilas etmək mümkün olmayacaqsa, Azərbaycanda bu hesab edin ki, 70-80 nəfər olacaq. Düzdür, bizdə hər min nəfərə düşən prostat xərçəngin sayı Avropadakına nisbətən daha azdır, amma nədənsə biz daha çox insan itiririk. Bir də cəmiyyətin səhiyyəsini ölçən faktorlardan biri uşaq və ana ölümləridir. Bu sahədə biz hələ də 3-cü dünya ölkəsiyik. Sözün açığı, indi 10 il əvvəlki rəqəmlər yoxdur əlbəttə, bu mənada bir xeyli irəlləyiş var. Amma hələ də ana və uşaq ölümü halları bizim səhiyyəmizin, səhiyyə mədəniyyətimizin, səhiyyə sistemimizin bir göstəricisi kimi qənaətbəxş deyil.
Geridə qalmışıq, tələsməliyik
 - Bəs ictimai-siyasi mənada necə? Vəziyyətimiz çoxmu ağırdır? Müalicəlikdir yoxsa cərrahiyəlik?
  - İctimai-siyasi və mədəni mənada bizim cəmiyyətin qiyməti çox pisdir. Bizim cəmiyyətimiz hal-hazırda həqiqətən xəstədir. Nəyə görə xəstədir? Çünki biz geridə qalmışıq. Bu gün digər ölkələr, cəmiyyətlər kifayət qədər irəli gediblər, amma bizim cəmiyyət geridə qalıb. Düzdür, ən geridə qalmışların içərisində deyilik, amma mən geriyə baxaraq nə yaxşı biz onlardan qabaqdayıq demirəm, əksinə qabağa baxdığım üçün qabaqdakı cəmiyyətləri görürəm. Vaxt itirdiyimizi və tələsməli olduğumuzu düşünürəm. Əslində, bizim biraz geridə qalmağımız çox qorxulu deyil, qorxulu olan insanlarımızın ciddi kəsimi cəmiyyətimizin geridə qalmağından razı olmasıdır, hətta daha da geri çəkməyə çalışanlarımız var. Bu ola bilər deyərsiniz, dini faktorlardır, ancaq xeyr, dini faktorlar deyil. Hətta digər proqressiv sayıla biləcək siyasi görüşlərin içində bizi geri salmaq istəyənlər var.
 Hippokratin andında həkimin pulsuz iş görəcəyinə dair heçnə yoxdur
  - Həkimlərimiz ölkədə insanlarımızın ən çox şikayətçi olduğu təbəqələrdən biridir. Sizcə səbəbi nədir?
  - Əlbəttə, bizim cəmiyyətdə insanlar müəllimdən, hətta dövlətdən də daha çox həkimdən şikayət edirlər. Bunun səbəbi çox bəsitdir. Həkimlə kontakt daha çox var. Ancaq həkimlə kontakt qurmağımıza baxmayaraq, bir çox sağlıq problemlərimizi həll edə bilmirik. Bunun da bir çox səbəbləri var. Burda maddi və kadr səbəbləri var. Yəni məsələn, bir insan birincisi həkimə gedə bilmir, çünki pulu yoxdur. Və ya büdcəsində sağlığı üçün pul ayırmayıb. Bu birinci dərd. İkinci dərd, yaxşı getdi həkimlə görüşdü. Təklif olunan müayinələri, bəzən də müalicəni həyata keçirmək üçün pulu olmur. Üçüncüsu, lap yaxşı imkanı da var, hər şeyi də elədi, amma istədiyini ala bilmədi. Bu faktorların hamısı həkimlərdən nə dərəcə asılı olmağından asılı olmayaraq onlardan narazı olmaq üçün səbəblər yaradır. Hə, deyəcəksiniz ki, axı müayinənin və müalicənin pullu olmasının həkimlərə nə dəxli var? Bilirsiniz, bizim camaat daha çox həkimləri günahkar hesab edir həmişə. Çünki onlardır bizim əlimizin altında. Ona görə də müəyyən belə əfsanələr qurmuşuq – həkimlərin dəhşətli pullu olması barəsində. Digər bir əfsanə də həkimlərin nədənsə pulsuz işləməli olmaqlarıdır. Özü də bunu deyəndə Hippokrat andına istinad edirlər. Siz əgər Hippokrat andını oxumusunuzsa, həkimin orada pulsuz, müftə iş görəcəyinə dair heç bir şey yoxdur. Əksinə, Hippokrat özü dəfələrlə həkimin mütləq öz əməyinin qarşılığını pul mükafatı ilə almasını bildirib. Çünki həkimlər peşə sahibləridirlər. Yəni bu gün biz gedib bir ayaqqabı tikdirəndə, ayaqqabını tikdirdiyimiz adamın əməyinin haqqını verməsək olarmı? Və ya maşınımızı ustaya apardıq, işlədi əziyyət çəkdi, onun pulunu verməmək olarmı? Xeyr, mütləq onun əmək haqqını vermək lazımdır. Sağlamlıq və sağlam qalmaq haqqı insanın təməl haqlarından biridir. Hər insanın sağlamlığı təmin olunmalıdır. Əgər bizim cəmiyyətimiz öz insanlarının təməl haqlarını təmin edə bilmirsə, burda günah həkimlərdə deyil. Həkimlər peşə sahibləri olduqları üçün onlar öz əməyinin qarşılığını almalıdırlar. Ancaq cəmiyyətimiz öz insanlarının təməl haqqını təmin etmək üçün elə bir sistem qura bilər ki, burda həm insanlar, həm də tibbi xidməti həyata keçirən həkimlər məmnun qala bilərlər. Bu gün bizim cəmiyyətimiz bunu təmin etmədiyi üçün, cəmiyyətimizin böyük hissəsi günahı özündə görmür. Günahkar həmən həkimlər olur.
  - Can əmanət etdiyimiz insanların vicdanını sorğulamağa haqqımız var?
  - Bəli, var. Hər kəs bir-birinin vicdanını sorğulamalıdır. Həkim cəmiyyəti soğrulamalıdır, cəmiyyət də həkimi. Ancaq Azərbaycan cəmiyyəti sorğulamaqdan daha çox mühakimə eləməyə çalışır. Mən şəxsən 12 il sadəcə tibb oxumuş və hələ də müntəzəm olaraq öz üzərində işləyən insan kimi heç kəsi, hətta öz tələbəmi belə mühakimə eləməyə özümdə haqq görmürəm. Sorğulamağa bəli, sorğulayıram, fikirimi bildirirəm. Bəzən bu fikir yalnış da ola bilər. Ancaq əsas olan öz fikrimi bildirməkdir. Mən ancaq ona baxıram ki, bu fikirlərim cəmiyyətdə nə cür təsirə malikdir və cəmiyyəti nə dərəcədə sağalmasına tövhə verə bilər. Böyük qələbələrim yəqin ki, yoxdur. Olsaydı, yəqin, bu gün çox daha yaxşı cəmiyyətdə yaşayırdıq. Ancaq siravi vətəndaş kimi deyirəm ki, hər kəsin bir-birini sorğulamaq haqqı var. Xüsusilə də canımızı əmanət etdiyimiz insanları. Ancaq mühakimə etmək haqqını qoy hər kəs özü üçün müəyyənləşdirsin. Mən özüm üçün belə düşünürəm ki, mən hələ heç kəsi mühakimə edəcək səviyyədə vicdanı etalon, ideal bir insan deyiləm.
 Polisimiz, ustamız, müəllimimiz, yazıçımız, jurnalistimiz necədirsə, həkimimiz də elədir
 - Yeri gəlmişkən, Seymur Baycanın “Ağ xalatlı cəlladlar” adlı yazısı vardı. Oxumuşdunuz yəqin? Həkimlərin o yazıya çox sərt reaksiyası oldu. Söyüş, təhqir, qarğış, hətta müəllifi “söhbətə” çağıran həkim də olmuşdu. Həkim üçün gözlənilən reaksiyalar deyildi.
  - O yazı yadımdadı. Mən də çox incimişdim həqiqətən. Çünki belə deyim, Azərbaycandakı həkimlərin çoxu, ümumiyyətlə, mən özümdən götürüm, mən bir həkim kimi diplom alıb işləmək üçün 12 il oxumuşam və bu gün də hər gün oxuyuram. Və inanın ki, öz üzərində çalışan həkilərimizin sayı çoxdur. Sadəcə olaraq, mən, ümumiləşdirib bu kimi şeylər deməyin zərərli olduğunu düşünürəm. Bunu da sözün açığı bir ziyalıya yaraşdırmıram. Nə cəhətdən zərərlidir? Birincisi, sadəcə böhtandır və böhtan olduğu üçün ziyanlıdır. İkincisi, cəmiyyətin gözündə Azərbaycan həkimlərinə olan etibarı azaldır, bu isə müalicədə bizə çox ciddi problemlər yaradır. Yəni, insanlar bizim yanımıza əvvəlcədən ön yarğılı gəlir. Bəzən onların işini düzgün görsən belə sizə inanmırlar. Buna görə də həm biz həkimlər, həm də insanlar əziyyət çəkirlər. İnsanlar o cəhətdən əziyyət çəkirlər ki, sağlamlıqlarına qovuşa bilmirlər. Elə özləri üçün eşitdikləri, gördükləri təəssüratların içində qalırlar. Həkimlər isə o cəhətdən əziyyət çəkirlər ki, xəstələrlə bir şəkildə dil tapa bilmirlər. Üçüncüsu, bu eyni zamanda tək həkimə deyil, bütövlükdə Azərbaycan insanına ziyandır. Çünki Azərbaycan insanı da bütün tibb aləminə olan inamını itirir və tədricən falçılara, pirlərə və s. olan ümid və inam həkimə olan etibarın yerini tutmağa başlayır. Məntiqi ardıcıllıq budur. Əgər bir cəmiyyətin tibb aləminə etibarını azaltsanız, xüsusilə də böhtan şəklində əlbəttə ki, o cəmiyyətin mövhumata yuvarlanma ehtimalını artıracaqsınız. Mən inanmıram ki, bizim hansısa birimizsə bu qədər mövhumatdan xilas etmək istədiyimiz camaatımızın yenidən mövhumata sürüklənməsini istəsin. O ki qaldı həkimlərin reaksiyasına, bilirsiniz, Azərbaycan həkimləri birinci növbədə azərbaycanlıdırlar. Və bu gün bizim azərbaycanlı polisimiz, ustamız, müəllimimiz, yazıçımız, jurnalistimiz necədirsə, həkimimiz də elədir. Axı biz niyə düşünürük ki, polisimiz, ustamız, müəllimimiz, yazıçımız və jurnalistimiz indi olduğu kimi olsun, amma həkimlərimiz başqa cür, necəsə ideal olsun. Bu mənim çox inandığım bir şey deyil, sizin də inanmağınızı məsləhət görməzdim.
 Azərbaycan, müsəlman və ya Şərq metodu çıxarmaq yerinə, hazır olan digər xalqların getdiyi yolu getməliyik
 - Firma dərmanları, faiz, uzun reseptlər, təsirsiz müalicə - bu kimi şeylərin baş vermə səbəbi nədir? Bunun qarşısını nə ala bilər?
 - Əslində çox haqlı sualdır. Mən də bunun haqqında bir vaxtlar uzun silsilə yazılar yazmışdım. O məqalələr iki ilə yaxındır yazılıb, amma oxunma sayı yüzü keçməyib. Orda problemlər maddə-maddə açılıb və ondan çıxış yolları göstərilir. İndi hamımız işin bizim üçün rahat həll olunmasını istəyirik. Biz istəyirik ki, kimsə gəlsin məsələni həll eləsin və bizim üçün rahat olsun. Amma bir şeyi başa düşməliyik ki, problem nədirsə, onu biz özümüz, öz iştirakımızla həll eləməliyik. O problem nədirsə, onun məsuliyyətini biz fərdlər və cəmiyyət kimi hamımız daşımalıyıq. Burda sual və onun cavabı da mürəkkəbdir. Sadaladığınız problemlərin hamısı var. Amma bunların qarşısını nə yox, kompleks tədbirlər ala bilər. Bu kompleks tədbirlər həkimləri daha yaxşı yetişdirmək, onlara yüksək maaş verməklə də düzəlməyəcək. Bundan çıxış yolu bu qədər asan deyil. Nədir firma dərmanları? Əslində dərman preparatı sayılmayan, müəyyən bioloji aktiv maddələrdir, hansı ki, insanlara dərman kimi “sırınır”. Əgər biz gerilikdən qurtarmasaq firma dərmanları da, faizlər də həmişə olacaq. Bunlar hamısı bizim cəmiyyətimizin geriliyinin gətirdiyi problemlərdir. Gerilikdən qurtulmaq üçün neyləmək lazımdır? Amerikanı kəşf etmək lazım deyil. Bir çox xalqlar bu periodu keçdilər və bu gün onlarda bu problemlər yoxdur. Biz qalxıb bu gün özümüzdən yeni metodlar, Azərbaycan, müsəlman ya Şərq metodu çıxarmaq yerinə hazır olan digər xalqların getdiyi yolu getməliyik. Alman, ingilis, fransız xalqı bizdən axmaq deyil, bizmi onlardan daha ağıllıyıq? Onları yamsılayaraq biz də problemlərdən qurtula bilərik. Bu problemlərin qarşısını almaq üçün, sistemin düzəldilməsi, düzləşdirilməsi lazımdır. Sistemə ədalət gətirmək lazımdır. Bu gün həkimlərin işləməsində də, xəstələrin tibbi xidmət almasında da ədalət faktorunu bərpa etmək bütün bu problemlərin hamısını ortadan qaldıracaq. Mən ancaq bu məsələni də vurğulamaq istəyirəm. Bəli, bizim tibbimizdə bu sadaladığınız problemlər olsa da, tibb sahəmizin digər sahələrlə müqayisə edəndə görürük ki, səhiyyə sahəsi digər sahələrə baxanda daha yaxşıdır. Rəqabətin az-çox saxlandığı sahələrdən biri tibb sahəsidir. Bu rəqabət faktoru bu gün tibbimizi entuziazimlə qabağa aparır. Tibbi xidmət bu gün Azərbaycan cəmiyyətinin ağrılı yeridir, amma elə ən yaxşısı, camaat içərisinə çıxarılası da tibbi sahədir.
Onun adına internetdə rastlamırsınızsa, deməli sizə dərman olmayan bioloji aktiv maddə satıblar
 - Bəy, geniş anlamda bunlardan qurtulmağın yolu başqa cür cəmiyyət qura bilməkdir deyirsiniz. Bəs real indiki vəziyyətdə, insanlar bu kimi şeylərdən necə qoruna bilərlər? Bunun bir yolu varmı?
 - Bunlardan qorunmağın yolu müəyyən mənada var. Bunu da azərbaycanlılar inandıqları həkimlərin yanına getməklə edirlər. Düzdür, bizdə belə bir qəribə xasiyyət də var, ən çox qohum-əqraba həkimlərinə müraciət edirlər. Onu deyim ki, bu, həmişə xilas etmir. Sadəcə olaraq, yazılan dərmanlarda nəyə fikir versinlər? Allaha şükür, bu gün internet deyilən şey var. Sizə əgər bir dərman yazıldısa, onun adını internetdə axtarışa verin, onun adına internetdə rastlamırsınızsa, demək ki, böyük ehtimalla sizə dərman olmayan, biolojik aktiv maddə satıblar. Mən bunu özümdən deyirəm, heç bir elmi mənbəyə əsaslanmıram. Bioloji aktiv maddələrin əksəriyyəti heç bir işə yaramayan, heç bir effektivliyi sübut olunmamış, qiyməti çox yüksək olan və içində nə olduğu bilinməyən substansiyadır.
  - Bilirəm ki, siz oxumağı sevirsiniz və oxuyursunuz. Nə oxuyursunuz indi?
 - Bəli, oxuyuram və oxumağı sevirəm. Özü də müntəzəm və sistemli oxuyuram. Onu etiraf etməliyəm ki, artıq bədii ədəbiyyat oxumuram. Axırıncı oxuduğum bədii ədəbiyyat bilmirəm nə qədər bədii ədəbiyyat sayıla bilər, Corc Oruelin “Heyvanıstan” əsəri olub. İki il əvvəl oxumuşam. İndi niyə oxumuram, çünki bu dəqiqə ona vaxtım yoxdur, başqa şeylərə vaxtım var. Son iki il yarım ərzində oxuduqlarım ancaq Sovet ittifaqının idarə sistemi haqqında olub. Kommunist partiyasının, sovet ittifaqı xüsusi xidmət orqanlarının, həm mülki və xüsusi xidmət orqanları, həm də hərbi kəşfiyyatın, eləcə də təqribən 5 ay KQB-nin 5-ci bölməsinə aid kitablar oxudum. Bir 5 ay da dissidentlərin kitablarına həsr elədim ancaq. Niyə belə sistemli yanaşıram, çünki beynimdə müəyyən suallar yaranır və onlara cavab tapmaq üçün də sistemli oxumaq ehtiyacı hiss edirəm. Bu dəqiqə, təqribən bir müddətdir ki, daha çox yemək, sağlam qidalanma, fizika, kvant fizikası haqqında çox yaxşı mühazirələr oxuyuram. Hazırda fizik Riçard Feynmanın mühazirələrini oxuyuram. Düzdür, formul çoxdur, adama biraz çətin gəlir, amma mən də bir həkim kimi çalışıram işin əsasını qavrayım. Təqribən oxuduqlarım bunlardır.
 Emosiyanı həkimlik işində qeyri-rasional və qeyri-peşəkarlıq sayıram
 - O doğrudur ki, zamanla həkimlər üçün insan həyatı adiləşir, bir növ insanlar saylara, statistikaya çevrilir?
 - Doğru deyil. Yəni ümumiyyətlə, insan həyatı heç bir zaman adi deyil. Amma bir şey demək istəyərdim. Bizim işimiz romantik bir iş deyil, burda sentimentallığa yer yoxdur. Həkim öz işini soyuq başla, emosiyasız görməlidir. Nəyə görə? Mən şəxsən emosiyanı həkimlik işində qeyri-rasional və qeyri-peşəkarlıq sayıram. Bizim işimiz tamamilə rasional olmaq tələb edir. Bu fal açmaq deyil, bu iş fizik işi kimi bir şeydir. Yəni, biz xəstəylə birlikdə ağlamamalıyıq, biz xəstəylə birlikdə sevinməməliyik. Bizim işimizə öz münasibətimiz var. Bu münasibətin içində insan həyatı və insanın canı, onun şikayətləri adi deyil. Hətta illər keçdikcə, təcrübə artdıqca biz xəstələrin dillərinə gətirə bilmədiklərini onların gözlərindən oxuyuruq, bunu daha çox hiss edirik. Saylar, statistika bizim işimizin bir parçasıdır, bundan vaz keçmək olmaz. Ancaq bunları qarşı-qarşıya gətirib biraz belə sentimentallaşdırmaq da doğru deyil. Bizim cəmiyyətdə həkimlərdən çox romantik, sentimental gözlənti var. Həkimlərin işi rasionaldır, burda emosiyalara yer yoxdur. Bizim emosiyalarımız var əlbəttə. Mən şəxsən aldığım uğurlu nəticələrdən çox böyük məmnunluq duyuram. Amma bu zövq mənim o anki işimin içində deyil. Xəstənin kim olmasının fərqi yoxdur, bizim işimiz həmin an soyuqqanlılıqla öz işimizi görməkdir.
 - Bəy, təhsil barəsində sual vermək istərdim. Belə bir arqument var ki, bizim tibb dərslikləri köhnə, sovetdən qalmadır. Öz dilimizdə mənbə yox dərəcəsindədir. Belə şərait isə keyfiyyətli təhsilə əngəldir. Doğrudan da vəziyyət belədir?
 - Bəli, vəziyyət belədir. Həqiqətən də bizim bu gün normal təhsil vermək üçün vəsaitimiz yoxdur. Daha doğrusu var, amma o dərsliklərimiz güncəllənmir. Məsələn, bu gün mədəni dünyada hər hansı bir dərslik 4,5 il arasında güncəllənməlidir. Bu gün bizim urologiyada ən vacib dərslik Smitin urologiyasıdır ki, bu hər 4,5 ildən bir yenilənir və yenidən nəşr olunur. Ancaq bizdə 15 il bəzən 20 il istifadə olunan və yenilənməyən dərsliklər var. Bəli, dərsliklərimiz sovetdən qalmadır. Bu da yenə də bizim cəmiyyətin günahıdır. Bizim cəmiyyətimizdə kitab yazmağa əngəl bir neçə faktorlar var. Bunlardan birincisi odur ki, yazılacaq kitabı oxuyacaq qrup çox kiçikdir. Buna görə də, burda müəllifdə kitab yazmağa maddi maraq yoxdur. Yəni, bu gün siz anatomiya kitabı yazın onu 5 il ərzində siz ancaq 200-300 adama sata biləcəksiniz. Bu qədər rəqəmə görə kitab yazmağa dəyərmi? Bəzi adamlar o kitabları məhz bu cür düşünərək yazmırlar. Amma onu deyim ki, məsələnin başqa tərəfi də var. Məsələn, İran və Türkiyə kimi ölkələr xaricdə yazılmış yaxşı kitabları tərcümə edirlər. Məsələn, biz bu cəhətdən geri qalırıq. İşin ikinci tərəfi odur ki, bizdə kitab yazmaq deyəndə elə bilirlər, kimsə filankəs oturub bir kitab yazacaq. Bu gün dünyada bir adamın yazdığı dərslik yoxdur. Yəni, bu mümkün deyil. Bir insan bir mövzuda dərslik yazacaq qədər ağıla sahib ola bilməz. Yəni, hazırda Smitin urologiyası deyildikdə, orada Smit redaktorun adıdır. Orada artıq doktor Smitin yazdığı məqalə qalmayıb. Çünki bu çox əvvəldə olub. İndi oradakı məqalələri yazan bəlkə 80 müəllif var. Yəni, bu kitab müəlliflər toplusunun yazdığı kitabdır. Bizdə bu bir az çətin məsələdir. Azərbaycan urologiya dərsliyi var. Özü də kifayət qədər yaxşı yazılmış bir kitabdır, bir az güncəlliyini itirmiş kitabdır. Amma bunlar böyük problem deyil. Çünki həkimlər həqiqətən bu gün müxtəlif dillərdə tibbi ədəbiyyata çatmağa çalışırlar. Bu gün həkimlərimiz arasında ingilis dilini bilənlərin sayı günü-gündən çoxalır. Artıq ingiliscə bilməyən tələbə dərslərində geri qalır. İndi imkanlar bir az genişdir, onlar tapdıqları bir mövzunu öz aralarında tərcümə edirlər, yayırlar. Yəni, tibb təhsilimiz kitabların səviyyəsinə görə, indiki vəziyyətdə deyil. Baxmayaraq ki, əlbəttə, bizim tibb təhsilimiz dünya tibb təhsilinin yanında çox kiçik qalır, mən tibb təhsilimizi digərlərinə nisbətən daha yaxşı olduğunu düşünürəm.
Həkimlər siyasətə qarışmırlar və ictimai həyatda çox passiv görünürlər
 - Vasif bəy, sovet həkimi deyilən bir məfhum var. İndi onları daha yaxşı, daha təcrübəli həkimlər haqqında deyirlər. Necə düşünürsünüz, sövet həkimləri hələ də müasir həkimlərdən üstündürlər? Ümumiyyətlə, belə bir bölgü düzgündür?
 - Bəli, əhalinin bir qismində xüsusilə yaşlı nəslində sovet həkimi deyilən bir termin qalır. Əvvəllər daha yayğın idi bu söz. Xalq düşünür ki, sovet dövründə rüşvət yox idi, vəzifədə olanlar özlərini harın aparmırdılar, ən azı pullarını açıq camaata göstərmirdilər. Camaat necəydisə onlar da özlərini camaatla eyni göstərirdilər. Sovet həkimləri də sanki daha səmimi idilər. Sözün açığı mən sovet dövründə yaşamışam, sovet insanlarının sovet həkimləri haqqında fikirləri ilə tanışam, həyatda şəxsən tanıdıqlarım da var. Mən sovet həkimi ilə müasir həkimlər arasında elə bir fərq görmürəm və bu bölgünü düzgün hesab eləmirəm. Düzdü belə baxanda bölgü var, Sovet həkimləri Rusiyanın yaratdığı tibbi məktəbi keçmişdilər. Müasir həkimlər isə dünyaya daha da açıq insandılar. O mənada hə, mən müasir həkimləri daha üstün hesab edirəm. Çünki sovet həkimləri ancaq bir yerə baxırdılar, müasir həkimlər isə çox yerə baxırlar. Bəli, ola bilər həkimlər siyasətə qarışmırlar və ictimai həyatda sanki çox passiv görünürlər. Amma bu o demək deyil ki, onlar geri qalıb. Həkimlər xüsusi bir sinifdi. Həkimlərin mən daha çox inkişaf etdiyini və sovet həkimlərindən daha çox irəli getdiyini düşünürəm. Bilirsiniz Azərbaycan tibb sektorunda olan çirkinliklərin çoxu Azərbaycan cəmiyyətinin suda olan əksinə bənzəyir. Əgər cəmiyyətimizin bu qədər çirkinlikləri öz daxilində barındırırsa onların bir şəkildə güzgüdə əksindən diksinməməlidir. Bu bizim cəmiyyətin ümumi üzüdür.
Ədaləti bərpa etməyə çalışmalıyıq
  - Həkim və rüşvət – bunlar sizin üçün nə deməkdir?
  - Mən həkimin rüşvət aldığını düşünmürəm. Yəni, həkim necə rüşvət ala bilər? O belə olar bilər ki, yalandan kağız verib pul ala bilərsən. Məsələn, xəstənin böyrəyindən daş çıxartmamısan, amma çıxartdığın haqda kağız verə bilərsən. Xəstə də sənə qarşılığında rüşvət verə bilər. Yəni, belə bir şey təsəvvür eləmək olar, əgər rüşvətdən danışırıqsa. Başqa cür necə ola bilər ki? Həkimin xəstəni müayinə və müalicə etdiyi üçün aldığı pulu mən rüşvət kimi görmürəm. Gəlin belə baxaq, bu gün Azərbaycanda qanunla bəzi xəstəxanalarımızda tibbi xidmət pulsuzdur, ancaq həqiqətdə biz bilirik ki, həkimlərimizə pul verirlər. Bunu da camaat rüşvət kimi qiymətləndirir. Bir anlamda doğru deyirlər. Amma mən sizə onu deyim ki, bu həkimlərimizin problemi deyil, bu cəmiyyətimizin problemidir. Bu, bax o pulu rüşvət kimi alan həkimin problemidir, o pulu həkimə verən xəstənin, xəstə yaxının problemidir, bu bizim hamılıqla cəmiyyətimizin problemidir. Ümumiyyətlə, rüşvət, ədalətsizlik bizim cəmiyyətimizin problemidir və biz cəmiyyət olaraq bunun öhdəsindən gəlmək üçün ictimai həyatda ədaləti bərpa etməyə çalışmalıyıq. Bir-birimizi başa düşməyə çalışmalıyıq, bu ölkəni, bu cəmiyyəti mənimsəməyə çalışmalıyıq. Mən şəxsən buna inanıram ki, bir insan özünü düzəldərək cəmiyyəti də düzəldir. Əlbəttə, etiraz mədəniyyəti də olmalıdır, fikir də bildirməliyik. Bunlar hamısı olacaq. Mən cəmiyyətimiz haqqında müsbət gözləntidəyəm. Çünki biz artıq müəyyən qədər özümüzü qoruyaraq dövlət quran xalqlar içinə girməyi bacarmışıq. Düzdür, ən yaxşı vəziyyətdə deyilik, amma dəyişməliyik. Cəmiyyətimizdə hamımızı razı salacaq ədaləti bərpa etməliyik.
İranda Azərbaycandan yaxşı tibbi xidmət göstərildiyinə inanmıram
 - Vasif bəy, xeyli adam “Bakıda getmədiyim həkim qalmadı, çarəsi tapılmadı İrana getdim, sağaldım” deyir. İrana xeyli axın var. Necə düşünürsüz əsaslıdır bunlar, yoxsa bu bir aldanış da ola bilər?
 - Əlbəttə, belə deyən insanların sayı çoxdur, amma bunun heç bir əsası yoxdur. Yəni İranda da, bizdə də bir şəkildə tibb elmi tətbiq olunur. Düzdür, İran mövhumatçı dövlət görüntüsü versə də, onun tibbi tamamilə mütərəqqidir. Ümumiyyətlə, İran dövləti elmə çox önəm verən dövlətdir. İnsanlarla vəziyyət başqadır. Onlar sadəcə insanların beynini mövhumatla doldururlar. Azərbaycanda hər zaman olduğu kimi bunu ticarətə çeviriblər. Bir qrup insan burdan insanları toplayıb İrana aparır. Əlbəttə, o insanlar üçün Azərbaycan səhiyyəsinə vətəndaşlarımızın etimadının azalması və insanların onlara müraciət etməsi sərf edir. Çünki onlar bundan pul qazanır. İranda sağalan insanlar da var, sağalmayan, şikəst olan insanlar da var. Sadəcə olaraq, mən hər zaman uclara müraciət etməyin əleyhinə olmuşam. Çox pisdir və ya çox yaxşıdır deyə bir şey də yoxdur. Mən inanmıram ki, İranda Azərbaycandan yaxşı tibbi xidmət göstərsinlər və bu sözü bütün məsuliyyətimi dərk edərək söyləyirəm.
Din və inanc insan müalicə etməkdə heç bir rola malik deyil
  - Doktor, bir sual da çoxlarını düşündürür. Bu günlərdə cəmiyyət olaraq geriliyirik. Din və mövhumat günü-gündən artır. İndi artıq həkimlərimiz arasında da dindarlaşma artır. Bu normal haldırmı? Yəni həkim bir elm adamıdır, elm adamı kimi onun dinə meyillənməsi, dindar olması adamları düşünürdürür. Necə düşünürsünüz, həkimlərin dinə meyillənməsi elmi təfəkkürün, təhsilin zəifliyindənmi qaynaqlanır yoxsa bu normaldır?
  - Bəli, Azərbaycanda dinə təmayül və bunun ən pis forması kimi mövhumata təmayül yaranıb. Ancaq mən məsələni belə qiymətləndirirəm. Bir cəmiyyətin içərisində tütün istifadə etməyi sərbəst buraxırsınız. Fikir verirsinizsə, insanların bir qismi siqaret çəkir, bir qismi çəkmir, başqa bir qisimsə siqaret çəkmir və siqaretə qarşı mübarizə aparır. Din məsələsi də belədir. Burda heç bir problem yoxdur. Problem insanların bir-birinin işinə qarışan zaman başlayır. Yəni, əgər dindar dindar olmayanın işinə, şəxsi həyatına qarışırsa və ya inancsızlar dindarı aşağılayırsa, ona xor baxırsa bu problem yaradır. Bizdə belə bir problem var. Ədalətli cəmiyyət quranda bunlar həll olunacaq. Mən özüm də dinə inanan insanam. Düzdür, mövhumatçı deyiləm və dini vəzifələri yerinə yetirmirəm, amma inanc olaraq inanıram. Sivil insanam. Özümü nə üçün misal çəkirəm? Həkimləri nümünə gətirmək üçün. Bir həkim birinci növbədə elm adamıdır. Xəstə müayinəsi və müalicəsi zamanı onun istinad edəcəyi yeganə mənbə elmdir. Çünki din və inanc insan müalicə etməkdə heç bir rola malik deyil. Bu hər bir insanın şəxsi vicdani işidir. Bir həkim xəstəni müayinə və müalicə edərkən ona heç bir dini informasiya kömək edə bilməz. Sözün açığı, həkimliyə, xəstə malicəsinə aid heç bir dini əmr də yoxdur. Olanlar hamısı mövhumatdır, uydurulmuş, kimlərinsə maraqlarına və ciblərinə xidmət edən şeylərdir.
Soğrulamalıyıq, nədir bizim mentalitet, adət-ənənəmiz, namus qeyrət anlayışlarımız
  - Vasif bəy, son olaraq bizim milli mentalitet haqqında nə deyə bilərsiniz? Bunun gənclərin həyatına, psixologiyasına təsiri nədən ibarətdir? Nədir ümumiyyətlə bizim milli mentalitet?
  - Bəli bizim özümüzə məxsusdur mentalitetimiz. Özü də bununla xeyli öyünürük. Mən bizim mentalitetimizlə öyünməyimizi mənfi bir xüsusiyyət kimi görürəm. Bu əsasən qafqazlı və müsəlman dünyasına aid olmaqdan əmələ gəlir. Nədir bu? Ənənələrimizə sadiqlik, güya böyüklərimizə hörmətçiyik və qadınlarımıza-qızlarımıza güya daha diqqətliyik. Bu bizim gənclərimizin üzərində mənfi təsirə malikdir. Onlar hamısı köhnədən gəlmə xəstəliklərimizi davam etdirirlər. Gənclərimiz böyüyə hörmət, milli mentalitet, namuz-qeyrət və sair bu kimi qavramlarla yoğrulur və ovsunlanırlar. Bundan sonra o köhnə dəyərləri öz üzərlərində daşımağa məcbur olurlar. Və bu mövzularda qətiyyən danışmır və müzakirə etmirlər. Müzakirə edənlər, milli mentalitetdən öz daxilində qaçanlar isə cəmiyyətdən qopur. Mən millətin bir övladı olaraq gənclərimizi milli mentalitetimizi sorğulamağa çağırıram. Bu soğrulamanın bizim millətimizə, gələcəyimizə, millətin ad və sanına xeyri olacağına inanıram. Soğrulamalıyıq, nədir bizim mentalitet, adət-ənənəmiz, namus qeyrət anlayışlarımız. Sonra biz bu məsələyə rasional, ağıl, məntiqlə yanaşmalıyıq və ümumi nəticə çıxarmalıyıq. Bizim dünya xalqları sırasına başımız dik çıxmağımız üçün bu məsələləri nə qədər çətin olsa da sorğulamalı və nəticə çıxarmalıyıq. Biz beynəlmiləl dəyərlərin arxasınca getməliyik. Buna da layiqik. İnsanlarımız bizə - öz həkiminin, layiqli ziyalısının, aydının sözlərinə inanıb bu yola çıxmalıdır.
Müsahibə: Nurlan Hüseynov / kultura.az
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun